Prezident İlham Əliyev diplomatik xidmət
rəhbərlərinin üçüncü müşavirəsində ölkənin xarici siyasətinin növbəti illər
üçün əsas prioritetlərindən danışıb. O Azərbaycanın xarici siyasətinin çox açıq
və səmimi olduğunu deyib.
Prezident səfirləri xaricdə
yaşayan Azərbaycan icmaları ilə daha da sıx əlaqə qurmağa çağırıb. "Hesab
edirəm ki, bu istiqamətdə son illər çox böyük işlər görülüb. Demək olar ki,
azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim diaspor strukturlarımız
formalaşıb və güclənir. Bu, həm orada yaşayan azərbaycanlılar üçün böyük fayda
gətirir, həm də Azərbaycanın siyasətinə böyük dəstəkdir".
Cənab Əliyev Azərbaycanın investisiyalarının ilk
növbədə daha yaxın ölkələrə yönəldildiyini bildirib. "Təkcə son bir ildə Dövlət
Neft Şirkəti Türkiyə və Gürcüstan iqtisadiyyatına 2,5 milyard dollar sərmayə
qoyub və bu proses davam edir. Biz sərmayələr üçün nəinki enerji sahəsində,
digər sahələrdə də yeni yerlər axtarırıq. Azərbaycan iqtisadi maraqlarını daha
da gücləndirəcək, iqtisadiyyatı şaxələndirəcəkdir".
Prezident Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq təşkilatlarda və ikitərəfli müstəvidə dəstəkləndiyini deyib. "Bütün
dünya bilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz
həllini tapa bilər. Bu mövqe həm beynəlxalq hüquq normalarına, həm də tarixə
əsaslanır".
Dövlət başçısı eyni zamanda, beynəlxalq
hüququn bəzi hallarda işləməməsindən şikayətlənib. "Hətta BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi havada qalıb. Belə olan halda, diplomatik səylərimizi
daha da gücləndirməliyik və eyni zamanda, ölkəmizi gücləndirməliyik"
Prezidentin dediyinə görə, Ermənistanın
yeni rəhbərliyinin mövqeyi hələ tam aydın deyil. "Bəzi məqamlarda ümidverici
fikirlər səslənir, bəzi hallarda yenə də köhnə mövzular ortaya atılır. Nəzərə
alsaq ki, Ermənistanda indi ictimai-siyasi vəziyyət sabit deyil, bəlkə, bu da
təbiidir. Yəqin ki, yeni rəhbərliyə müəyyən vaxt lazımdır ki, cəmiyyətdə
sabitlik yaransın və ondan sonra daha da cəsarətli addımlar atılsın. Ermənistan
tərəfindən cəsarətli addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa
bilməz. Azərbaycandan isə güzəşt tələb etmək əsassızdır. Biz bütün mümkün
güzəştləri etmişik, Dağlıq Qarabağa gələcəkdə ən yüksək muxtariyyət statusunu
verməyə hazırıq. Bundan böyük güzəşt ola bilməz".
Dövlət başçısı Azərbaycanın
son illər beynəlxalq təşkilatlarda uğurlu siyasətinin konkret, praktik
nəticələrə gətirib çıxardığını deyib. Cənab Əliyev eyni zamanda, Avropa Şurasında Azərbaycanla bağlı məsələlərin
tez-tez müzakirəsinə etirazını bildirib. "Avropa Şurası Parlament
Assambleyasında son sessiyalarda Azərbaycanla bağlı məsələ müzakirə olunarkən
Avropa deputatları deyib ki, Azərbaycan cəmi 7 ildir ki, təşkilatın üzvüdür, nə
üçün 8-ci dəfə Azərbaycan məsələsi müzakirə olunur? Nə üçün Azərbaycanla
bərabər, yaxud da ki, hətta ondan daha əvvəl təşkilata üzv olmuş MDB ölkələri
belə böyük diqqətə malik deyillər? Nə üçün? Bizə qarşı bəzi hallarda əsassız
hücumlar, tənqidlər bütün Azərbaycan xalqını və bizi üzür".
O həmçinin bəzi beynəlxalq
təşkilatları Azərbaycana qərəzli məsləhətlər verməkdə ittiham edib.
Prezident enerji təhlükəsizliyi sahəsində Azərbaycanın
əməkdaşlığa həmişə hazır olduğunu bəyan edib. "Burada başlanmış və bizim
təşəbbüsümüzlə icra olunan layihələr artıq nəinki bizim maraqlarımızı təmin
edir və bizə dost olan ölkələrin maraqlarına da xidmət edir".
Onun sözlərinə görə,
Azərbaycan q çox böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilir. Bu il
Azərbaycanda neft hasilatı 50 milyon tondan çox olacaq. Qaz hasilatı haradasa,
20 milyard kubmetrə yaxın olacaq. Bizim zəngin neft-qaz yataqlarımız 100 ildən
sonra da Azərbaycanın maraqlarını təmin edəcək və ixrac potensialımızın davam
etdirilməsinə imkan yaradacaq. Qaz ehtiyatlarımız minimum 2 trilyon kubmetrdir
ki, bu da bizə 100 ildən çox müddətdə kifayət edəcək".
Yeri gəlmişkən bildirim ki, Azərbaycan
160 dövlətlə diplomatik münasibətlər qurub, ölkədə 57 səfirlik, konsulluq və
beynəlxalq təşkilatların nümayəndəlikləri var. Xaricdə Azərbaycanın 56
diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirlik fəaliyyət göstərir.
Müxalifət liderləri və
müstəqil politoloqlar isə dövlət başçısının dediyi ilə tam razı deyil.
Müxalifət ölkənin xarici siyasət kursunu birmənalı uğursuz hesab etsə də
müstəqil politoloqlar xalq tərəfindən qəbul edilən sayır.
"Müsavat" partiyasının
başqanı İsa Qəmbər hesab edir ki, Azərbaycan xarici siyasəti işğal altında olan
torpaqların azad edilməsinə nail olmasa, NATO və Avropa qurumlarına inteqrasiya
prosesini dərinləşdirməsə uğurlu ola bilməz.
O Azərbaycanın xarici
siyasətində birinci məsələnin Dağlıq Qarabağ problemi olduğunu deyib və hökuməti beynəlxalq təşkilatlar qarşısında
götürülən öhdəlikləri yerinə yetirməyə çağırıb.
Müstəqil politoloq İlqar Məmmədov hesab edir
ki, xarici siyasət kursu ölkədəki bütün cərəyanları təmsil edir və ictimaiyyət
tərəfindən qəbul edilir.