Bu il Türkiyə Sənayeçilər və İş
Adamları Dərnəyi - TUSİAD-ın ABŞ təmsilçiliyinin və Amerika Türk
Koalisiyası təşkilatının sponsorluğu
ilə türk əsilli 11 tələbənin Birləşmiş Ştatlar Konqresində yay müddətində
praktikant olaraq işləməsinə imkan yaradılıb. Bu məqsədlə bu həftənin əvvəli
TUSİAD-ın Amerika təmsilçiliyinin Konfrans zalında tələbələr bir araya
gəliblər. Tədbirdə TUSİAD-ın ABŞ təmsilçisi Abdulla Akyüzlə yanaşı, Amerika
Türk Koalisiyasının prezidenti Linkoln Makkördi də iştirak edirdi. Qeyd edək ki, həmin tələbələrdən biri də
İran Azərbaycanlısıdır.
Tədbiri giriş sözü ilə açan Abdulla
Akyüz Konqresdə staj keçəcək tələbələr barədə məlumat verdi. Layihənin 6 ildir
davam etdirildiyini dilə gətirən Dərnəyin təmsilçisi qarşıda kı illərdə
iştirakçıların sayının artıralacağını söylədi.
Daha sonra söz alan Linkoln
Makkördi belə iş stajının onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Cənab Makkördi bu layihədə əməyi olan hamıya öz təşəkkürünü bildirdi. TUSİAD təmsilçisi cənab Akyüz
Amerikanın səsinə tələbələrin müsabiqə yolu ilə seçildiyini dedi: "Məqsədimiz türk amerikalı tələbələrin Vaşinqtona gələrək həm Amerikanın siyasi sistemini oyrənməsi və Türkiyə-ABŞ məsələlərinə, xarici siyasi yanaşmasına hakim olmalarına nail olmaqdır. Tələbələr 2 ay ərzində konqres üzvlərin yanında staj keçəcəklər. Bununla yanaşı biz onlar üçün iki günlük oriantasiya proqramı təşkil edirik. Bu zaman kəsiyində də stajorlar Türkiyə səfirliyi, Dövlət Departamenti, mətbuat kimi müxtəlif təşkilat və strukturlarda brifinq alaraq, türk-amerika mövzuları haqda məlumatlanırlar. Biz istəyirik ki, ABŞ-da Türkiyə ilə bağlarını qoparmamış tələbələr Amerika siyasi sistemini öyrənərək və onun içərisinə daxil olaraq gələcəkdə yerli bir strukturda və ya federal səviyyədə Amerika siyasətində təsirli olsunlar".Kaliforniyada yaşayan İran
Azərbaycanlısı Ulduz Berenjforuş da proqramın iştirakçılarındandır: "Mənim 20 yaşım var. Kaliforniyanın Börkli şəhərində yaşayır və eyni adlı Universitetdə Beynəlxalq Siyasi İqtisadiyyat ixtisası üzrə təhsil alıram. Bu yay bir ay yarım Konqresin xanım üzvü Consonun idarəsində staj keçirəm. Bunun mənə böyük faydası olacağına inanıram".
TÜSİAD rəhbəri
Abdulla Akyüz 6 ildir başladılan layihənin müsbət nəticələrinin olduğunu
vurğuladı. Onun sözlərinə görə, əvvəlki illərdə Konqresdə təcrübə keçən
tələbələrin bir neçəsi siyasət dünyasında yollarına davam ediblər: "Bu tələbələrdən 3-ü Konqresmenlərin yanında rəsmi işə düzəliblər. Hazırda yalnız biri işləyir, digərlərinin çıxmasına baxmayaraq, vacib olan bu insanların beyinlərinə belə bir işin daxil olmasını qarşımıza məqsəd qoymuşuq".Tələbələrin
Konqresdəki staujı iyulun 7-dən başlayıb.
Emil Quliyev