BMT İnsan haqları idarəsi bildirir
ki, Rza Hecazinin avqustun 19-da, Behman Zaarenin isə bir həftə sonra avqust
26-da edam edilməsi ehtimal olunur. Məlumata görə, onlar həbs olunan zaman 15
və 16 yaşlarında idilər. Human Rights VVatch deyir ki, həm Hecazi həm də Zaare
ölüm hökmünə bir neçə il əvvəl məhkum olunublar. Hökm icra olunan zaman isə
Zaare 19, Hecazi isə 20 yaşında olub.
BMT-nin insan haqları sözçüsü
Rupert Kolvil deyir ki, bu hökmlərin icrası yeniyetmələrin ölüm hökmünə məhkum
olunmasını qadağan edən Beynəlxalq qanunları aydın şəkildə pozur:"İran Mülki vətəndaşlar və siyasi
hüquqlar üzrə Beynəlxalq Konvensiya, Uşaq haqları barədə konvensiyanı
ratifikasiya edən zaman yeniyetmələri ölüm hökmünə məhkum etməmək haqda öhdəlik
götürüb. Bu konvensiyalara əsasən 18 yaşından aşağı uşaqlar öldürülə bilməz."
Kolvil deyir ki, İran dünyada
yeniyetmələri ölüm hökmünə məhkum edən azsaylı ölkələrdən biridir. Onun
sözlərinə görə, bir çox ölkələr ya gənclərin ölüm hökmünü ləğv edib ya da bu
praktikaya maratorium qoyub. Sözçü bildirir ki, BMT insan haqları rəsmiləri
narahatdırlar ki, İran hökuməti digər iki nəfəri də eyni yolla cəzalandıra
bilər.
Cənab Kolvilin sözlərinə görə, onun
idarəsi İranı beynəlxalq insan haqları öhdəliklərinə riayət etməyə və
mühakimələri dayandırmağa çağırıb. O bildirib ki, İran habelə gələcəkdə də bu
kimi əməllərindən əl çəkməlidir:"İdarəmiz habelə ümumilikdə İranda
son zamanlar ölüm hökmünə məhkum olanların sayının artmasından narahatdır.
Misal üçün iyulun 27-də 29 nəfərin ölüm hökmü icra olunub. Bir ay sonra
avqustun 28-də isə bir qadın da daxil olmaqla 5 nəfər eyni cəzaya məhkum
olunub. Bu il 6-sı yeniyetmə olmaqla 220-dən çox insanın ölüm hökmünə məhkum
olunduğu ehtimal edilir."
Kolvilin sözlərinə görə, İran
yeniyetmələri ölüm hökmü ilə qatilliyə, zorlamaya və narkotik trafikinqinə görə
cəzalandırılır. O bildirib ki, dünya ölkələrində ölüm hökmünün ləğvi
tendensiyası mövcud olduğu bir vaxt, İranda hökmlərin sayını çoxaldır.
"Human Rights Watch"-un hesabata
görə, bu onillikdə İrandan başqa ABŞ, Çin, Konqo və Pakistan da yeniyetmələri
ölüm hökmünə məhkum edib. 2005-ci ildə ABŞ Ali Məhkəməsi yeniyetmələrin edamını
ləğv edib.