Dəyirmi Masa: ‘Sincanda uyğurlara qarşı edilən zorakılıqlar və Çində insan haqları’
By Emil Quliyev 09/07/2009
Bu gün Amerikanın səsi radiosundan keçirilən dəyirmi
masa söhbətin mövzusu “Çinin Sincan vilayətində
uyğurlara qarşı edilən zorakılıqlar və Çində insan haqları”, iştirakçılar isə Xəzər
Araşdırmalar mərkəzinin prezidenti Vəfa Quluzadə,politoloq Rasim Musabəyov və Türkiyədəki
Ankara Universitetinin Müasir Türk Ləhçələri və ədəbiyyatları fakultəsinin
dosenti Erkin Emet olub.
Vəfa Quluzadə bildirib ki, Çinin
Sincan muxtar bölgəsində baş verən hadisələr Azərbaycana çox tanışdır. Belə ki,
1990-ci il yanvar hadisələrində də Azərbaycan xalqı eyni aqibətlə üzləşmişdi. Ekspert
hesab edir ki, Çin, Rusiya kimi hegemon dövlətlərə təsir etmək çox çətindir və
ona görə də bu gün Çində baş verənlərə verilən reaksiyalar çox yumşaqdır. O, bu
kimi imperiyalarda həmişə azlıqlara qarşı belə siyasət yürüdüldüyünü bildirib.
Politoloq Rasim Musabeyov da deyir
ki, hazırda Çinə güclü təzir müxanizmi mümkün ola bilməz. O, bir çox
dövlətlərin və təşkilatların bəyanatlarla çıxışlarını vurğulasa da,belə reaksiyaların
təsirsiz olduğunu bildirib: “Çində öldürülənlər müsəlmanlardır. Baxın görün hər
hansı bir müsəlman dövləti sərt reaksiya veribmi? İranı götürək. İran İslam
Respublikasıdır. Amma Çində ölən müsəlmanlara qarşı heç bir söz deməyiblər.
Eləcədə ərəb dövlətləri. Hamı siyasət yürüdür”. Rasim Musabəyovun sözlərinə
görə, regionda güclü separatçı hərəkat baş verə biləcəyindən ehtiyat edərək Çin
hökuməti zorakı yolla aksiyalarda iştirak edən insanları ya öldürmək ya da həbs
etmək yolunu tutub.
Dəyirmi Masa söhbətinə Türkiyədən
qoşulan Uyğur məsələləri üzrə ekspert Erkin Emet isə Türkiyənin Çində baş verən
hadisələrə sərt reaksiyasını diqqətə çatdırıb. O deyib ki, bu gün ilk dəfə olaraq Ankara
rəsmilərindən biri və Türkiyə İstelakçılar Birliyi Türkiyədə Çin mallarının
boykot olunmasına çağırıb. O, bu boykotun hökumət tərəfindən çətin olduğunu
söyləsə də, artıq sadə insanların boykota başladığını bildirib: “İnsanlar çində
istehsal olunmuş qələmləri sındırır, onlardan istifadədən imtina edir, dükan
sahibləri çin mallarının satışı sayandırır və s. Bu indiyədək Türkiyənin
uyğurlarla bağlı Çində göndərdiyi ən güclü mesajdır.”
Çində internetə çıxışın və mətbuat azadlığının
məhdudlaşdırıldığını vurğulayan iştirakçılar Çin hakimiyyətinin bunu
zorakılıqların dünyaya yayılmaması üçün etdiyini bildirib. Onlar hesab edir ki,
dünya içtimaiyyət bu məsələni diqqətdə saxlamalı və daha sərt addımlar
atmalıdır.