Vahid Qarabağlı: 'Səid Mətinpurun vəziyyəti ağırdır'
By Emil Quliyev Vaşinqton 15/08/2009
İranda iyul ayında həbs edilərək 8 illik həbsə məhkum
edilən azərbaycanlı insan haqları fəali Səid Mətinpurun səhhəti ağır
vəziyyətdədir. İranda Azərbaycanlı Məhbusların Müdafiə Assosiasiyası ADAPP-ın
sözçüsü Vahid Qarabağlının sözlərinə görə, onun tibbi müraciətlərinə baxılmır. Cənab
Qarabağlı ilə müsahibəni təqdim edirik.
Sual: Sizdə olan məlumatlara görə,
Səid Mətinpurun səhhəti necədir? Ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün
olurmu? Cavab: Cənab Mətinpurun səhhəti
hal-hazırda ağırdır. Çünki, o keçmiş həbsi zamanı ağır işgəncələrə məruz qalıb.
Deyilənlərə görə, hazırki durumda saxlandığı yer yaxşı deyil, 10 nəfərin qala
biləcəyi yerdə 30 nəfər saxlanılır. Cənab Mətinpurun əvvəlcədən bəzi
xəstəlikləri var idi. Ona tibbi yardım olunmur. Mətinpur ailəsi ilə danışanda
bildirib ki, tibbi müraciətinə də baxmırlar. Buna görə də, onun baş və bel
ağrısı, baş gicəllənmələri olur. Ailəsi ilə görüşməsi də çətindir, çünki ailəsi
başqa şəhərdədir. Tehran getmək hər dəfə mümkün olmur. Onlar yalnız həftədə bir
neçə dəfə telefon əlaqəsi qura bilirlər.
Sual: Səid Mətinpurun həbsinə səbəb
nə idi?
Cavab: Səid Mətinpur 2007-ci ilin
may ayında həbs edilmişdi. Həbsdə qaldığı 9 ayın 7-ni təkadamlı kamerada
keçirdiyi üçün cənab Mətinpur ailəsi ilə hər hansı bir telefon təması qura
bilməmişdi.Hətta ailəsi onun harada
olması və hansı ittihamlarla üzləşdiyini də bilmirdi.Hazırda onu iki ittihamla üzləşdirdilər:
Milli Təhlükəsizliyi pozmaq və xarici dövlətlərlə əlaqə qurmaq. Ona 8 il həbs
cəzası verdilər və dedilər ki, onlar İranda məxməri inqilab etməyə çalışıb.
Ancaq onun fəaliyyəti heç vaxt siyasi olmayıb. O həmişə İranda azərbaycanlıların
insan haqları, ana dilində təhsilin zəruriyyəti məsələsini qaldırardı. Bunlar
isə rejimi qorxudurdu.
Sual: Məlumatlara görə, Səid
Mətinpurun vəkilini də həbs ediblər. Hazırda onun hüquqlarını kim müdafiə edir?
Cavab: Doğrudur, Səid
bəy Mətinpur 8 illik həbs qərarına etiraz etmişdi. Onlar cavab gözlədiyi bir
vaxt Məhəmmədəli Dahıdxaxı da İranda seçkilərdən sonra yaranan olaylarla bağlı
həbs etdilər. Nəticədə Mətinpur vəkilsiz qaldı, məhkəməyə çağırıldı və həbs
edildi. Hazırda onun ailəsi başqa bir vəkillə danışıb. Vəkil əsasən Səid bəyin
səhhətinin ağır olması və tibbi yardım alması ilə bağlı müraciətlər ilə
məşğuldur.