26 Yanvar 2009, Bazar ertəsi
ABŞ universitetlərində təhsil haqqı
Hazırda yalnız hökumətlər büdcəsindən
narahat deyil. Maliyyə böhranı bir çox ailəyə və onların kolleclərə börclarını
ödəməsinə təsir göstərib. Bugünkü təhsil proqramımızda ABŞ-da xarici
tələbələrin ali məktəblərdə təhsil pulundan söhbət açacağıq.
Məktəblərdə qiymətlər fərqlidir,
ancaq dövlət kollecləri və universitetlər özəl ali təhsil ocaqlarına nisbətən daha
ucuz olur.
ABŞ-ın qərb sahilində böyük bir dövlət
universitetinə nəzər salaq. Boulderdəki Kolorado Universitetində bu il 80-dən
çox ölkəni təmsil edən 1200 xarici tələbə oxuyur.
Tina Tan beynəlxalq tələbələr üzrə
xidmətin direktorudur. Onun sözlərinə görə, xarici tələbələr bu tədris ili üçün
$4,200 ödəyir.
Universitet gələn il üçün təhsil
haqqının 400 dollar qalxacağını bildirib. Universitet xarici tələbələrə maliyyə
yardımı təklif etmir. Bu, Amerikada əsasən bakalavr dərəcəsində həqiqəti əks
etdirir. Federal və ya dövlət maliyyə yardımı yalnız Amerika vətəndaşlarına
şamil oluna bilər.
Bununla yanaşı, Kolorado
Universiteti xarici tələbələrə bəzi yardımlar təklif edir. Misal üçün,
universitet 4 il ərzində tələbələrin təhsil haqqının dəyişməyəcəyinə təminat
verir. Təhsil ocağı habelə hər il qeyri-adi bacarığa və qabiliyyətə malik 4 xarici
tələbəyə təqaüd ayırır.
Tina Tanın sözlərinə görə, federal
hökumət tələb edir ki, xarici tələbələr oxuyacaqları ilk tədris ilinin pulunu
necə ödəyəcəklərini müraciət ərizəsində göstərsinlər. Bəzi kolleclər isə əcnəbi tələbələrdən 4 illik
təhsil haqqını necə ödəyəcəkləri barədə məlumat tələb edir. Təhsil üzrə məsləhətçilər deyir ki, bundan
başqa qeyri-amerikalı tələbələrin bank hesablarında ən azı iki aylıq xərclərini
ödəyə biləcək qədər pulu olmalıdır. Xərclər deyərkən buraya təhsil haqqından
başqa yaşayış, yemək, kitablar və ictimai fəaliyyətlər daxil olmaqla bir çox
başqa sahələr daxildir.
ABŞ-da immiqrasiya qaydaları xarici
tələbələrə Amerikada işləməyə icazə vermir.