Beynəlxalq Haaqa məhkəməsi Sudan prezidenti Ömər Əl-Bəşirin həbsinə dair hökm çıxarıb. Bu, müharibə cinayətləri üzrə tribunalın 2002-ci ildə təsisindən bəri dövlət başçısının həbsi ilə bağlı ilk qərarıdır. 

Prezident Bəşir Sudanın Darfur regionunda  mülki vətəndaşlara qarşı hücum kampaniyalarına görə ittiham edilir.  Həmin regionda 2003-ci ildən hökumətlə üsyançılar arasında mübarizə gedir.

Ittihamnamədə bəşəriyyətə qarşı cinayət, qətl, zorlama, isgəncə, məcburi köçürülmələr  kimi beş maddə yer alır. Sənədə genosid maddəsi salınmayıb. Belə ki, Sudan prezidenti Ömər Əl-Bəşirin üç etnik qrupun soyqırımına cəhd etdiyi sübuta yetirilməyib.