Hondurasın hakimiyyətdən salınan prezidenti Manuel Zelaya bu həftə ölkəsinə qayıdacağını bəyan edib. O bu planını Latın Amerikası liderlərinin Nikaraqua sammiti zamanı açıqlayıb. Prezident vətəninə cümə axşamı günü Amerika Dövlətləri Təşkilatının baş katibi Xose Manuel İnsulzanın müşayiəti ilə dönəcəyini bildirib.

Prezident Zelaya bazar günü  əsgərlər tərəfindən həbs edildikdən sonra ölkədən xaric edilmişdi.

ABŞ prezidenti Barak Obama  bu çevrilişi qanunsuz adlandıraraq, Manuel Zelayanın Hondurasın prezidenti olaraq qaldığını deyib. Bundan əvvəl ABŞ dövlət katibi Hillari Klinton Hondurasda demokratiya və konstitusion nizamn bərpasına səsləyib.