"Read My Pins: Stories from a Diplomat's Jewel Box", “Mənim sancaqlarımı oxuyun: Diplomatın mücrüsündəki hekayələr” adlı kitabında xanım Olbrayt illər uzunu bəzək əşyalarından ünsiyyət yolu kimi istifadə etməklə, moda vasitəsilə güclü diplomatik mesajlar göndərə bildiyindən bəhs edir.
Madlen Olbrayt 1993-1997-ci illərdə ABŞ-ın BMT-dəki səfiri, 1997-2001-ci illər arasında isə Birləşmiş Ştatların ilk qadın Dövlət katibi olub. Sancaqlardan diplomatik bir vasitə kimi istifadə etmək fikri onda birinci Körfəz müharibəsi yaranmışdır. Özü dediyi kimi, bu ideya ilə o, Səddam Hüseynə borcludur.
Madlen Olbrayt Səddam Hüseyni BMT Təhlühkəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə kəskin tənqid etdikdən sonra İraq liderinin saray şairi onu "tayı-bərabəri olmayan ilan" adlandırmışdır. Bundan sonra İraq liderlərilə görüşə gedən xanım Olbrayt diplomatik mesajını ilan sancağı taxaraq çatdırmaq qərarına gəlmişdir.
Sancaqlar və broşkalar o vaxtdan Madlen Olbraytın diplomatik dəst-xəttinin ayrılmaz bir hissəsinə çevrilir. O bu sancaqlar vasitəsi ilə danışıqlar prosesinin vacibliyini vurğulamaq, hadisələrə öz münasibətini göstərmək və Amerikanı təmsil etdiyini görə iftixar hissini göstərməyə çalışırdı.
Bu sancaqların çoxu bijuteriyadır, amma aralarında olduqca nadir, nəfis broşkalar da var. Xanım Olbraytın kolleksiyasını quşlar, böcəklər, kəpənəklər, ulduzlar,Amerika bayraqları və gül-çiçək motivli bəzək sancaqları bəzəyir.
2000-ci ildə o zaman Rusiyanın Xarici İşlər naziri İqor İvanovla anti-ballistik raketlərə dair müqavilə ətrafında müzakirə apardıqda Madlen Olbrayt raket tutan qurğu şəklində sancaq taxır. O zaman Rusiya prezidenti Vladimir Putin ABŞ rəsmilərinə deyib ki, o,danışıqların əhval-ruhiyyəsini Madlen Obbraytın hansı sancaq taxması ilə müəyyən etməyə çalışacaq.
Fələstinlilərin o vaxt lideri Yasir Ərəfatla görüş zamanı isə Madlen Olbrayt arı sancağı taxır. Dövlət katibi Yasir Ərəfatla bir neçı saat müzakirə aparmış, güzəştlərin vacibliyini vurğulamışdır. “Bu sancaq mənim müəyyən mənada əhvalımı əks etdirirdi. Mən çətin günlərdə bir balaca kəskin olmaq və ciddi mesajlar göndərmək üçün böcək motivli sancaqlarımı taxırdım.”-deyə o bildirir.
Dövlət katibi Olbraytın böyük həyat təcrübəsini əks etdirən bəzək sancaqları kolleksiyası illər keçdikcə daha ciddi sınaqlar və dəyişikləri əhatə edərək böyümüşdür.
Bu günlər ölkənin hər yerində yeni kitabın prezentasiyasını keçirən xanım Olbrayta verilən suallar indi onun öz təcrübəsindən istifadə edərək hansı addımlar ata bilməsilə bağlıdır. “Siz bu gün İran liderlərilə görüşsəniz hansı sancağı taxardınız” sualının cavabında Madlen Olbrayt belə bir sancağı olduğunu deyir.
“Kitabda bu sancağı görə bilərsiniz. Bu, göyərçin və qartalın bir yerdə olduğu sancaqdır. Onu keçmiş Müdafiə naziri Vilyam Kohenin xanımı Canet Lanqhart Kohen hazırlayıb. Bu, bir tərəfdən açıq əllə təkliflər etmək, digər tərəfdən isə güclü olmaq və bütün variantların masa üzərində olduğunu aydın etməli olduğumiz haqda mənim düşündüklərimi əks etdirir. “
İranla bağlı sözünə davam edən Madlen Olbrayt deyir ki, seçkinin nəticələri saxtalaşdırılıb və bundan sonra etiraz edən nümayişçilər zorakı repressiyalarla qarşılaşıblar. İranda islahatçı namizəd Mir Hüseyn Musəvinin seçki kampaniyasnın rənginə işarə edən Madlen Olbrayt deyir ki, “iranlılarla görüşsəm, mütləq yaşıl rəng geyərəm.”
Lakin bununla belə xanım Olbrayt bütün səviyyələrdə danışıqların dvam etdirilməsinin vacibliyini durğulayır.
“Prezident Obama prezident Əhmədinejadla danışıqlar aparmır. İndi Dövlət Departamentində üçüncü şəxs olan Bil Börns onların nüvə müzakirəçisi ilə görüşür. Bizim İranla 1979-cu ildən diplomatik münasibətlərimiz yoxdur. Buna görə də biz baş verənlərdən xəbərsizik. Bizim informasiya almaq üçün amerikalı və britaniyalı iranlılardan asılıyıq.”
“Mənim sancaqlarımı oxuyun” kitabında Dövlət katibi Madlen Olbrayt diplomaiya və modanı bir araya gətirə biləın diplomatiyanın zövqlü və yüksək üsluba malik birinci xanımı kimi görünür.
Kitab Amerikada kitab mağazalarında satışa buraxılıb. Madlen Olbraytın bəzək sancaqlarından ibarət kolleksiyası isə Nyu Yorkun İncəsənət və Dizayn muzeyində nümayiş etdirilir. Sərgi Birləşmiş Ştatlar və dünyanın bir sıra başqa ölkələrində göstəriləcək.

