VOA_PHIL_GORDON_BROOKINGS_17MAR2010

Brookings İnstitutunda keçirilən illik Sabancı Konfransının  məruzəçilərindən biri də dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon idi.  Cənab Qordon çıxışında ABŞ-la Türkiyə arasında əlaqələrin və əməkdaşlığın  tarixi haqqında danışmış, soyuq müharibə illərində  mövcud olan əlaqələrin indi günün tələblərinə və iki ölkənin maraqlarına uyğun  olaraq dəyişməsinin vacibliyini vurğulamışdır.  O, Türkiyə ilə  çoxlu məsələlərdə  əməkdaşlıq edildiyini, Afqanıstan və  İraqın  bunlardan bir neçəsi olduğunu qeyd etmişdir.  Cənab Qordon Türkiyənin son on il ərzində geniş sahələrdə mühüm tərəqqi əldə etdiyini təkcə regional bir güc olaraq qalmadığını bütün dünyanı maraqlandıran məsələlərdə rol oynaya bildiyini xatırlatmışdır.  Cənab Qordon  Türkiyənin  İran siyasəti ilə ABŞ-ın bu ölkə ilə  bağlı siyasətində isə fərqliliklər olduğunu qeyd etmişdir. Dövlət Katibinin müavini  dünya  birliyinin İrana  əlaqələndirilmiş bir mesaj göndərməyə çalışdığı bir zamanda  Türkiyənin vaxtdan vaxta verdiyi  mesajların fərqli olduğunu xatırlatmışdır: “İran məsələsində dünya birliyi İrana əlaqələndirilmiş  tək bir mesaj verməyə  çalışdığı  bir zamanda  Türkiyə  vaxtaşırı fərqli  mesajlarla çıxış edir. Biz Türkiyənin  İranın nüvə silahları əldə etməsi ehtimalı barədəki narahatlığımıza şərik olduğunu bilirik. Türkiyə  İranın nüvə proqramı  məsələsinə diplomatik bir həll çarəsi tapılması sahəsindəki  səyləri də dəsdəkləyir. Ancaq Türkiyənin  bu məsələyə  dinc,  diplomatik bir həll yolu tapılması istiqamətindəki  birgə hədəfimizə zərər verəcək və bu hədəfə yetişməmizi çətinləşdirəcək  addımlardan imtina etməsi olduqca vacibdir”.

Qeyd edək ki,  ABŞ  rəhbərliyi administrasiya  erməni soyqırım iddiaları barədə  Nümayəndələr Palatasının  Xarici Əlaqələr Komitəsində təsdiq olunan  qanun layihəsinin  palatada da səsə qoyulmasının və Konqres tərəfindən  təsdiq edilməsinin əleyhinə olduğunu bildirib.  Cənab Qordonda hökumətin mövqeyini təkrar etməklə bir yerdə  Türkiyə ilə Ermənistan arasında imzalanan  protokolların iki ölkənin də  parlamentləri  tərəfindən  təstiq olunmasının  iki ölkənin də  xeyrinə olacağını, regionda  təhlükəsizliyin güclənməsinə və iqtisadi  inkişafa təkan verəcəyini  söyləyib.
Bu arada konfransı izləyənlərdən Türkiyənin Hürriyyət qəzetinin   əməkdaşı Sədad Ərgin isə  indiki mərhələ də protokolların imzalanmasını  gözləməyin gerçəkçi olmadığını və Türkiyədə heç bir hökumətin belə bir risk götürə bilməyəcəyini deyir.
Xatırladaq ki,  Ermənistanın prezidenti  gələn ay  Vaşinqtonda təşkil ediləcək  nüvə sammitinə  dəvət edilib. Onun Amerikaya səfəri zamanı  bu məsələlərin də gündəmə  gəlməsi gözlənilir.   Həmin zirvə görüşünə dəvət edilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə zirvə görüşündə iştirak etməyəcəyini bildirib.