Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi məhkəməsində hakim İslam Neymanovun sədrliyi ilə terrorçuluqda ittiham edilən qrupun işi üzrə hazırlıq iclası başlayıb.
İstintaqın məlumatına görə, qrup üzvləri radikal vəhhabilik tərəfdarlarıdır. Keçmiş zabit Əsədov ötən il oktyabrın 24-də qulluq etdiyi hərbi hissədən qaçıb və özü ilə 4 avtomat, pulemyot, 20 qumbara və çox sayda patron götürüb.
Oğurlanmış silah-sursatın bir hissəsi Bakının 170 kilometr şimal-şərqində gizlədilib, bundan sonra qrup üzvləri Amerika və Böyük Britaniyanın Bakıdakı səfirliklərinə qarşı terror aktı törətmək üçün Bakıya gəlib. Lakin qrup üzvlərinin bir neçəsi ötən il oktyabrın 27-də saxlanılıb. Bu zaman silahlı müqavimət göstərən qrup üzvlərindən biri həlak olub.
Həmin il noyabrın 9-da qrupun aparıcı simalarından olan zabit Kamran
Əsədov saxlanılıb. Ondan iki “Kalaşnikov” avtomatı və 120 patron müsadirə
edilib. Dindirilmə zamanı qrup üzvləri "LUKoil" şirkətinin yanacaqdoldurma
məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror
aktı hazırladıqlarını təsdiq edib.
Bu gün keçirilən hazırlıq iclasında isə, cənab
Əsədov da daxil olmaqla, bir qrup müttəhim vəkildən imtina ediblər. Keçmiş zabit “mənim vəkilim allahdır”- deyə
qeyd edib.

