Bakıda Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda
konfransı işə başlayıb. Konfransda
Avropa Mədəniyyət Razılığı Müqaviləsini imzalamış 40-dan çox ölkənin, o
cümlədən 16 ölkənin mədəniyyət naziri, 18 ölkənin nazir müavini, 10 beynəlxalq
təşkilatın başçısı iştirak edir.
Konfransda
əsasən Avropa və qonşu regionların mədəni inteqrasiyasına əsaslanan
ölkələrarası dialoqun praktik inkişafı, səmərəli fəaliyyət mexanizmi, müxtəlif
sivilizasiyalar arasında dialoqun təşviqinin vacibliyi diqqətdədir. Bakı konfransı həm də Avropa və İslam ölkələrinin tarixində
mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir.
Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev Avropa mədəniyyət nazirlərinin uzun fasilədən sonra Bakıda toplanmasını Azərbaycan üçün vacib hadisə adlandırıb. Onun fikrincə, konfransda Avropa regionu ilə yanaşı islam dövlətləri və təşkilatlarının iştirakı dialoqun gələcəkdə inkişafına da təkan verəcək.
Avropa Şurası
Baş katibi Terri Devis bildirib ki, Avropa
və İslam ölkələrinin mədəniyyət nazirlərinin bir araya gəlməsi gözəl fürsətdir.
“Dünyanın dialoqa ehtiyacı var və konfrans da həmin zərurətdən irəli gəlib.
Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında son dərəcə mühüm rola
malikdir, Avropa ilə Asiya arasında körpü rolunu oynayır”.
Baş katib Ermənistanın Bakıda keçirilən konfransa qatılmamasını bu ölkə üçün itki adlandırıb. “Mən şadam ki, Azərbaycan konfransa Ermənistanın nümayəndə heyətini dəvət edib. Amma çox təəssüf edirəm ki, Ermənistanın nümayəndə heyəti gəlməyib. Bununla Ermənistan həm də özünü əlaqə qurmaq və müxtəlif məsələlərin, o cümlədən, abidələrin dağıdılması ilə bağlı problemlərin müzakirəsi üçün yaranmış imkanlardan məhrum edib”.
Prezident İlham
Əliyev bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri
yerinə yetirməklə demokratik inkişaf baxımından sürətlə irəli gedib. Dövlət başçısı eyni zamanda, Azərbaycanda əsl
tolerantlığın hökm sürdüyünü bəyan edib. O ölkənin inkişafının və ictimai-siyasi sabitliyin əsas amillərindən
biri kimi millətlər və dinlər arası tolerantlığın olmasını önə çəkib. Cənab
Əliyevin sözlərinə görə, həm dövlət, həm də xalqlar müxtəlif dinlərin və
mədəniyyətlərin bərabər inkişafında dözümlüdür.
Prezident Cənubi Qafqazdakı mövcud duruma da toxunub. Onun fikrincə, Ermənistanın Azərbaycana təcavüzü bölgədə sülh və sabitliyə böyük təhlükədir. Qafqazda bütün münaqişələr həllini tapmalıdır, beynəlxalq hüquq normaları təmin olunmalıdır.
Dövlət başçısı
hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində də beynəlxalq hüququn tətbiqi
əsas vasitə olmalıdır.

